')

Bu gün:


FutbolPress.Az | Toptopnamə (Yeni)

Toptopnamə (Yeni)


oxunma sayı: 11071 Paylaş:

FutbolPress
faigtahirov@gmail.com
Şamaxı Bakıdan elə də uzaq deyil – vur-tut, topla-çıx-böl saatyarıma ordasan. Ən bəsit riyazi hesablamalardır, nə diskriminant tapırsan, nə loqarifmik eyniliklərin dərinliklərinə baş vurursan, nə də tangens-kotangensçilik edirsən. Heç nə, “Riyaziyyat”, 4-cü sinif: t=s/v. İndiki uşaqlar az qala məktəbəqədər hazırlıq dövründə öyrənir bunları.

Nə hikmətdirsə, “Keşlə” keçən ilin noyabrından bu qısa məsafəni qət etməkdə girinc qalıb.

Söhbətin dərininə gedib, onu da hesablamışam, ilk açıqlama verilən gündən başlayaraq “Şamaxinka”dan Şamaxının mərkəzinə qədər piyada düz 116 dəfə getmək olardı. Düzdür, bunun düsturu yoxdur, amma daha proqressivi “google maps” var – smartfonunuzdakı.

Şeiriyyət yurdu Şamaxı mövzulu cızma-qarada dəqiq elmlərə xas söhbətlər də qoy olsun Xaqani, Sabir torpağına futbol calamaq istəklərinə nəzirə (ərəb. bənzətmə).

Guya “Keşlə” bugünlərdə, nəhayət, Şamaxıya köçməliydi. Ancaq 15-20 futbolçunun həftədə bir dəfə saatyarım yol qət edib, orda saatyarım futbol oynaması dönüb olub “Xalqların böyük köçü”.

Ad dəyişmə rekordçusu olan məlum klubun “Keşlə” “karyerası” o qədər keşm(l)əkeşli alındı ki, indi bundan yaxa qurtarması da əməlli-başlı məcmuə, müşkülçülük mücəssəməsidir. İş o yerə çatıb ki, son xırıltılarında hətta klubun “hərşeyşünası” da yaxasını çəkib bir kənara (diqqətli oxucu söhbətin kimdən getdiyini anladı – müəll.).

Necə olacaq? – sualı hansı səlahiyyətliyə ünvanlayırsan, o da yaxasını çəkir başqa bir kənara: Bilmirəm, bilinmir, bilmirik, xəbərimiz yoxdur, görək də və s. Dəvəquşu sindromu... Sanki hansı hallarda oksigen atomunun 3 valentli olduğunu soruşursan. Sorry, əruzda hansısa bəhrin hansısa təfiləsini. FA’ilAtün, MəfA’İlün, Müftə’ilün-fln.

Məsələ o qədər uzanıb ki, bu mövzuda gedən söhbətləri yığsan, “Toptopnamə” çıxar.

Əcnəbi seyrə balonlarla çıxır... elə həmin söhbət.

Yazarın bütün yazıları

oxunma sayı: 11071 | Paylaş:




?>