')

Bu gün:


FutbolPress.Az | Tanrının 55 yaşı  

Tanrının 55 yaşı 


oxunma sayı: 29807 Paylaş:

FutbolPress
firuz.abdulla@affa.az
(Xüsusi olaraq, "FutbolPress" üçün)

Səhər bağçaya getməliydim.
O dövrün bütün tərbiyəli uşaqları kimi axşam saat 9-da məni yatmağa göndərmişdilər.
Könülsüz girmişdim yatağıma.
Məndən yaşca xeyli böyük, “əmi” deyə xitab etdiyim, kəndimizdəki orta məktəbin direktoru olan bibim oğlu qonaq gəlmişdi.
Uşaqlıqdan çox istəyirəm onun xətrini.
Maraqlı söhbətləri var.
Həmin axşam böyüklərdən daha tez yatmaq istəməməyimin bir səbəbi bu idi.
O biri “həngamədən” hələ xəbərsizdim.
Bir dəfə dəhlizin işığını söndürmək (guya gözümə düşüb yuxumu qaçırdırdı), iki dəfə tualetə getmək bəhanəsilə, özü də qəsdən səs-küylə yerimdən durdum.
Ümid edirdim ki, “yata bimədiyimi” görən valideynlərim “insafa” gələr.
Gündəlik rejimimi əziz qonağın xətrinə, heç olmasa, bir saatlıq dəyişərlər.

Çifayda.

Bir az keçdi, mənə “yuxu amnistiyası”nın tətbiqi bir yana, qonaq otağının qapısını da bağladılar.

Qapının taqqıltısını son ümidimə endirilən həlledici zərbənin səsi kimi eşitdim.
Təxminən 10 dəqiqə də qurcalandım.
Bu dəfə gedəcəyim məsafəni bir az uzadıb, otaqdan çıxdım.

“Susamışdım”...

Qonaq otağının yanından sivişib mətbəxə yönələndə qulağım televizordan gələn uğultunu aldı.
“Susuzluğum” dərhal keçdi.
Aldana bilməzdim!
Futbola baxırlar!
Və azarkeşlərin ekrandan evimizə dolan səs-küyü suya təşnəliyimlə birgə cəzalandırılmaq qorxusunu da qabağına qatıb harasa apardı.

Qapını açıb içəri boylandım.
Həqiqətən, futbola baxırdılar.
Cəmi 6 yaşım vardı.
Hələ hansı turnirin hansı vaxtda keçirildiyinin, hansı oyunun hansı əhəmiyyət kəsb elədiyinin fərqində deyildim.
Bircə onu bilirdim ki, bu oyundan xoşum gəlir, vəssalam.
Sonralar bildim ki, həmin gün dünya çempionatının finalı imiş.
Argentina – Almaniya.
Mən otağa boylananda Argentina qol vurdu.
Almaniyaya olan-olmuşdu, bir zərbə də mənə dəydi; əslində, İtaliya azarkeşi olan bibioğlu 86-nın finalında avropalıların təəssübünü çəkirdi deyə, Almaniyanın qol buraxmasına əsəbiləşdi... məni yatmağa göndərdi.

Təbii ki, yatmadım; daha geriyə yol yoxuydu...
O gecə daha bir dəfə qovuldum.
Amma üçüncü cəhdimdən sonra oyuna sona qədər baxmağıma imkan verdilər.

Maradonanı ilk dəfə o gecə gördüm.

Bu gün 55 yaşı tamam olan futbol tanrısı ilə tanışlığımın tarixçəsi belədir.
Hələ də o gecə qonaq otağının qapısından boylanmağımı, bir oyuna baxa bilmək üçün apardığım mübarizəni xəfif təbəssümlə xatırlayıram.
Amma bütün dinlərdə tanrıya aparan yol əzab-əziyyətlə “süslənib”.

Mən o gecə futbol tanrısını görmüşdüm.
Əziyyətimə dəyərdi...

Yazarın bütün yazıları

oxunma sayı: 29807 | Paylaş:




?>