')

Bu gün:


FutbolPress.Az | Aftandil Hacıyevlə akademiya söhbəti: "Kompleks yanaşanda görürük ki..." (MÜSAHİBƏ)

Aftandil Hacıyevlə akademiya söhbəti: "Kompleks yanaşanda görürük ki..." (MÜSAHİBƏ)


oxunma sayı: 573 Paylaş:

FutbolPress"Qarabağ"ın akademiyasının koordinatoru Aftandil Hacıyevin "FutbolPress"ə müsahibəsi:

- Avqustda "Qarabağ"ın akademiyasındakı bir iliniz olacaq. Bu müddətdə komandalar daha çox xarici turnirlərə getməklə gündəmə gəlir. Fərqlilik sizin gəlişinizlə əlaqədardır?
- Deməzdim. Əslində, "Qarabağ"da ən çox narahat edən məqam akademiyadır. Uzun müddət idi, istəkləri var idi ki, irəliləyiş olsun. Müzakirələr apardıq, istiqamətlər müəyyənləşdirdik və bunlardan vacibi də komandaların beynəlxalq turnirlərə getməsi idi. Əsas hədəf seçdiyimiz yaş qrupları var ki, onlara ümid bəsləyirik, orada istedadlı uşaqlar var. Onları turnirlərə cəlb etməyə çalışdıq. Bununla da, turnirlərə start verdik. Gəlişimizdən bir neçə ay sonra bir qrup Türkiyədə, daha sonra isə üç yaş qrupumuz Belarusda turnirə yollandı. Son olaraq "Bizim gələcəyimiz" turnirində iştirak etdilər. Futbolçular üçün böyük təcrübə oldu.

- U-14 turnirdə çempionluq yaşadı...
- Üç yaş qrupundan biri çempion oldu. İlk ikisində yox, üçüncüdə çempionluq qazandıq. Bu da göstərir ki, uşaqlar təcrübə yığdılar. Belarusda hər bir şərait var idi. Uşaqlar "manej"də oynadı, kifayət qədər böyük görünən meydançalar idi. Rəhbərliklə də qərara gəlmişdik ki, addım-addım turnirlərin səviyyəsini artıraq. Bundan da güclü yarışlar var.

- BATE, "Rotor", "Dinamo" kimi təcrübəli komandalar var idi..
- Minsk "Dinamo"sunun uşaqları ilboyu 30 turnir görübsə, bizimkilər ikinci dəfə idi yollanırdılar. Onların Avropa turnirlərində də təcrübələri var idi. Planımız Avropadakı turnirlərə də qatılmaqdır.

- "Bizim gələcəyimiz" turnirində çempion olduz, ən yaxşı oyunçu da sizdən oldu...
- Bəli, Cavidan Əlizadə fərqləndi. Onu yayda akademiyaya cəlb etmişdik. Gəlişindən sonra da artım hiss edilir.



- "Qarabağ" akademiya olaraq hansı prinsipi üstün tutur - özü yetişdirmək, yoxsa hazır "materiallardan" seleksiya? Və ya bunların vəhdəti?
- Əlbəttə, bu, önəmli məsələdir. Seleksiya yaxşı olmalıdır. Ən əvvəl infrastrukturumuz bizi maraqlandırır. Məşq etdiyimiz meydança yararsız halda idi, onun yenilənməsinə start verilib. Köhnə "Neftçi baza"da müvəqqəti məşq edirik. Seleksiya qruplarımızı formalaşdırmağa başlamışıq. Müxtəlif, əsas da 15 yaşa kimi uşaqlar bizi düşündürür. Yuxarı yaşlarla da maraqlanırıq, amma əsas aşağılardır. Buna diqqət etsək, daha məqsədyönümlüdür. Yuxarı yaşlı uşaqlara böyük məbləğdə pul verib gətirmək olur, amma bir akademiya üçün bu, effektiv yol deyil. Aşağı yaş qruplarında isə kimisə seçib götürmək daha ucuz başa gəlir. "Qarabağ"a gəlmək istəyən istedadlı uşaqlar da olur. Bir neçə akademiyalarda olmuşam. İlk növbədə hamı seleksiyanın yaxşı olmağını qeyd edir.

- Akademiyanı formalaşdırmaq uzun zaman alır. Təyinatınızdan sonra ilkin islahatlar olaraq hansı istiqamətə yönləndiz?
- Ən vacibi infrastrukturdur. Birinci şəraitlə bağlı qərar verdik. İşləmək üçün infrastruktur lazımdır.

- Ötən il klubun prezidenti Tahir Gözəl akademiyanın qurulması üçün yer problemi olduğunu demişdi. Həllini tapıb?
- Problem hələ də qalır. Qərar bir dəfə veriləcək - səhv etmək istəmirik. Müxtəlif yerlər təklif edilib, amma hər bir yerin uyğunluğunu təhlil edirik. Hələ bir məlumat yoxdur. Gələcəkdə ən yaxşı yeri seçmək istəyirik. Futbolçuların rahatlığı üçün bunlar önəmlidir.

- Növbəti mərhələdə nələr gözlənilir?
- Turnirlər davamlı olmalı, seleksiyanı daha yaxşılaşdırmalıyıq. Hansı bölgələrin futbola daha çox meyilli olduğunu araşdırmaq və seçimlər etmək lazımdır. Akademiya hələ hazır olmadığı üçün işlərimizi Bakı çərçivəsində görməyə üstünlük veririk. İlk dediyimiz infrastruktursa, hazırda seleksiya və məşqçilərin maariflənməsi üçün də müəyyən addımlar atırıq.

- Yeganə "Qarabağ" akademiyasıdır ki, Pro kateqoriyalı mütəxəssis - Vüqar Əsgərli burada işləyir. Bu xoş tendensiya davam edəcək? Məşqçilərin kateqoriyasının artması vacibdirmi?
- Pro kateqoriyalı məşqçiləri akademiyalara cəlb etmək çətindir. Düşünürlər ki, bu mərhələni adlayıblar. Bu gün Premyer Liqada komanda sayının azlığı məşqçiləri işsiz saxlayır. Akademiyada işləməkdən çəkinməmək lazımdır. Məşhur futbolçuların da akademiyalarında işlədiklərini görürük. Məsələn, türkiyəli keçmiş tanınmış hücumçu Semih Şentürk "Fənərbağça"nın akademiyasında - U-19 komandasında işləyir. Belə məşqçilərin akademiyalarda olması uşaqlarda da həvəsi artıra bilər. Başa düşürəm, məşqçilər də yaxşı yerlərdə işləmək istəyir. Şərait daha yaxşı olsa, məşqçilərin də istəyi artar.

- "Qarabağ"ın akademiyasını istədiyiniz formaya salmaq üçün nə qədər vaxt lazımdır?
- Hansısa vaxtı demək çətindir. Dediyimiz, danışdığımız məsələlər bir, iki ilə bitən deyil. Nə qədər tez olsa, inkişaf da tezləşər. Sadəcə ümid edirik. Bəzi məsələlər bizdən asılı deyil.

- Aşağı yaş qruplarında, səhv etmirəmsə U-12-ə qədər nəticələr ləğv edilib. Bəzi klublar ancaq nəticələri qeyd edir, turnir cədvəli formalaşdırır. Siz buna önəm yetirirsiniz?
- Gəldiyim gün məşqçilərlə söhbətlərdə bəzilərindən aşağı yaş qruplarında çempion oldum sözlərini eşitdim. Bu gün AFFA-da 12 yaşa qədər uşaqlarda nəticələr, turnir cədvəli qeydə alınmır. Mənə də maraqlıdır, bu hesablamalar necə baş verir. Bəzi komandalar öz hesablarını tuturlar, digərlərinin isə heç məlumatı yoxdur. Cədvəl tutub, özlərini çempion edirlər. Mənimçün də bu gün federasiyanın qoyduğu qaydalar doğrudur. 12 yaşa kimi uşaqlarda turnir cədvəli önəmli deyil. 13 yaşlılardan artıq turnir cədvəli var. Rəqabət üçün bu aspektə də fikir vermək lazımdır. Amma başlıca məqsəd nəticə olmalı deyil. Üç vacib aspektdən sonuncu elə nəticədir. Əvvəli uşaqların inkişafı, fərdi keyfiyyətlərini artırmasıdır.

- Azərbaycanın futbolçu xammalı var? Nəticə istəyiriksə, uşaq futbolu inkişaf etməlidir. Hamı danışır, amma kökdə nə var, ona düzgün qiymət lazımdır...
- Futbolçu da, məşqçi də var. Son illəri götürəndə xaricdə oynayan uşaqlarımız artıb. Demək ki, çətin vaxtımızda olan dönəmimizdə belə futbolçu çıxıb. Məşqçilərə gələndə, Qurban Qurbanovun etdiyi işlər sübut edir ki, bu ölkədə məşqçi yetişə bilər. Sadəcə məşqçilərin qapısını açmaq, şərait yaratmaq lazımdır. Nə üçün gecikirik? Ən vacib məsələ meydançadır. Bu gün bu problemlə çox çətinlik çəkirik. Premyer Liqa klubları Bakı Olimpiya Stadionunda məskunlaşırsa, bu, böyük problemdir. Peşəkar klubların meydançaları, akademiyaları aşağı səviyyədədir. Yarışlar da istənilən kimi deyil. 2-3 komanda beynəlxalq turnirə gedir, digərləri yox. Kompleks yanaşanda görürük ki, çox problem var. Meydança olsa, düşünürəm ki, daha çox futbolçu tez inkişaf edər. Bir də mütəxəssislərin önəmli rolu var. Onlar da istənilən səviyyədə olmalıdır. Hazırda Azərbaycanda fiziki məşqçi tapmaq çətindir. İndiki uşaqlar bir-iki saatla məşq etməklə kifayətlənir. Qalan vaxtları da əyləncədə keçirirlər. Uşaqlar fərdi məşqlərə də vaxt ayırmalıdır.

- Azərbaycandan nə üçün xviçalar çıxmır? Çıxmaq potensialı varmı və nə lazımdır?
- Xviça Gürcüstanda yetişib, bizə uzaq deyil. Gürcüstanda hər zaman Avropaya meyillilik olub. İstər məşqçilərində, istərsə də futbolçularda. Bu gün Rusiya çempionatında nə qədər gürcü çıxış edir. Sadəcə, biz də əlaqələri genişləndirməliyik. Futbol Avropada daha çox inkişaf edib. Məşqçiləri, menecerləri böyük klublara, akademiyalara girişlərini asanlaşdırmaq lazımdır. Bizdə də yaxşı futbolçular var. Bu gün Bəhlul Mustafazadəni istənilən Avropa klubunda görə bilərik. Sadəcə onun təqdimatı, piarı zəifdir. Onu hansısa kluba təklif edib, satışını təmin edə bilmirik. Bunların üzərində işlər getməlidir. Bu gün üzdə olan futbolçularımızdandır. Amma baxırsan ki, vaxt gedir. Düzdür, "Qarabağ"dadır, inkişaf edir. Amma çempionat baxımındna əziyyət çəkir.

Elçin Cəlilov


oxunma sayı: 573 | Paylaş:




?>