')

Bu gün:


FutbolPress.Az | Premyer Liqada ikincilik yarışı - kim daha şanslıdır?

Premyer Liqada ikincilik yarışı - kim daha şanslıdır?


oxunma sayı: 969 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında III dövrə başa çatıb.

Sona bir dövrə qalmış “Qarabağ” 66 xalla liderdir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi “Sabah”ı 26 xal qabaqlayır. “Atlılar” növbəti turda “Kəpəz”ə qalib gəlsə, sona 8 tur qalmış, çempionluğunu təmin edəcək. Avrokuboklarda tarixi mövsüm keçirərək 1/8 finala qədər gedən “Qarabağ” martın 29-da liqada qızıl medalları rəsmiləşdirə bilər və bu, klub tarixinin ən erkən çempionluğu olacaq.

Çempionun bəlli olduğu yarışda əsas mübarizə ikinci pillə uğrunda gedir. Daha əvvəl “Zirə”, “Sumqayıt”,  “Səbail” və “Neftçi” arasında gedən yarışa indi “Sabah” da qoşulub. Baş məşqçi postuna Krunoslav Renduliçin gəlişindən sonra ardıcıl  iki qələbə qazanan “futuristlər” indi ikinci pilləni tutub və gümüş medalların ən böyük favoritidir.

“Neftçi” “Sabah”la eyni – 40 xala sahib olmasına baxmayaraq, qeyri-stabillik komandada əsas problemdir. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv gah qələbə qazanır, gah xal itirir. Hələ oyununu tapa bilməyən “ağ-qaralar” bu baxımdan gümüş medallar mübarizəsində bir addım geri görünür.

“Səbail”, “Sumqayıt” və “Zirə”nin isə demək olar, şansları bərabərdir. Sona 8 tur qalmış hər oyun komandalarçün finala bərabər olacaq. Daha sabit olan tərəf “üçlük”də yerini alacaq. Sabitlik baxımından indiki məqamda “Səbail” daha öndə görünür. “Sumqayıt” və “Zirə”də heyətlə bağlı ciddi problemlər var. “Kimyaçılar”da ehtiyat oyunçular skamyası zəifdirsə, “Zirə”də hücumda axsamalar var. İrəli xətt oyunçularının birdən sıradan çıxması ilə mərkəz hücumçusuz oyunlara çıxan “qartallar”da son turlarda canlanma hiss edilir. Ancaq hücumda bitirici oyunçu problemi komandanın xal itkilərində əsas səbəblərdən olub.

Premyer Liqada əvvəlki illərə nisbətən daha rəqabətli mövsüm keçir. İndidən hansı komandanın ikinci, hansının üçüncü və ya dördüncü olacağını demək çətindir. 2 və 6-cı pillə arasında cəmi 3 xallır fərq var. Bu səbəbdən avrokuboklar iddiası olan komandalar üçün bundan sonra hər xal itkisi hədəflərə gedən yolda əngəllər yarada bilər.

Şahin Cəfərov


oxunma sayı: 969 | Paylaş:




?>