')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" çempionluğa, "Qəbələ" I Liqaya doğru

"Qarabağ" çempionluğa, "Qəbələ" I Liqaya doğru


oxunma sayı: 774 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVI tur başa çatıb. Lider “Qarabağ”, “Sabah”, “Turan Tovuz” və “Sumqayıt” turu qələbə ilə başa vurub. Yeganə heç-heçə isə “Kəpəz” – “Neftçi” oyununda qeydə alınıb.

Səbail – Sumqayıt 0:1

Matçda iki fərqli hissənin şahidi olduq. Birinci yarıda “Sumqayıt” daha yaxşı futbol oynadısa, fasilədən sonra üstünlük meydan sahiblərinə keçdi. Hesabda geriə olan “dənizçilər” xal qazanmaq üçün çox çalışdı, amma bacarmadı. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv penaltidən də yararlana bilməyib. “Səbail” çoxsaylı hücumçularını məntiqi sonla yekunlaşdıra bilmədi və nəticədə xalsız qaldı.

“Sumqayıt” isə çətinliklə qələbə qazanaraq, yenidən ikinci pilləyə yüksəldi. Samir Abasovun komandasında hücum xəttində problemlər mövcuddur. Heyətdə bir neçə oyunçu zədəlidir, eyni zamanda ehtiyat skamya zəifdir. “Kimyaçılar”da oyunu çevirlə biləcək kənarda oyunçu yoxdur. Bu, Abasovun əsas problemli nöqtəsidir. Buna baxmayaraq, “Sumqayıt” Bayıldan çətinliklə olsa da, xalla dönə bildi.

Kəpəz – Neftçi 3:3

“Neftçi”ni Tovuz şəhər stadionunda qəbul edən “Kəpəz” güclü rəqibinə layiqli mübarizə göstərdi və bir xal qazandı. Elitada qalmaq uğrunda yarışan Gəncə təmsilçisi turu xalla başa vurdu və sonuncu “Qəbələ” ilə fərqi 12-ə yüksəltdi. Heyəti rəqibinə nisbətən zəif olan “sarı-göylər” qələbə qazana da bilərdi, lakin bəzi epizodlarda “Neftçi”nin qolkiperi Rza Cəfərov komandasının xilaskarı oldu. Adil Şükürovun rəhbərlik etdiyi “Kəpəz” son turlarda yaxşı oyun nümayiş etdirir və nəticəsini görür. Sonuncu “Qəbələ” ilə fərqin açılmasından sonra komandanın elitada qalmağı dəqiqləşdirdiyini desək, yanılmarıq.

“Neftçi” isə qeyri-stabil çıxışını davam etdirir. Son 5 oyunda cəmi 1 qələbə qazanan “ağ-qaralar”da baş məşqçi Miodraq Bojoviçə haqlı tənqidlər var. Qış fasiləsindən komandaya rəhbərlik edən mütəxəssis ciddi nəticə əldə etməyib. Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan paytaxt təmsilçisi gümüş medalları hədəfləyib. Düzdür, 2 və 5-ci sıradakı komandalar arasında ciddi xal fərqi yoxdur, buna baxmayaraq, “Neftçi”nin sərgilədiyi futbol da ürəkaçan deyil. Komandada əsas problem son zərbələrdəki uğursuzluqdur. Ən böyük azarkeş qrupu “Forza Neftçi” tərəfindən də boykot olunan “ağ-qaralar” fanatları yenidən tribunaya çəkməkçün mütləq qələbələr lazımdır.

Sabah – Qəbələ 2:1

“Sabah” yeni baş məşqçisi Krunoslav Renduliçin rəhbərliyi altında ilk qələbəsini autsayderlə oyunda qazandı. İlk hissədə aktiv futbol sərgiləyən “futuristlər” bir neçə real qol şansı yaratsa da, ikisini qola çevirmək mümkün oldu. Xorvatiyalı mütəxəssisin gəlişindən sonra komandanın oyununda xırda dəyişiklik nəzərə çarpdı. Daha əvvəl topu aldıqdan sonra sürətli hücuma çıxan “Sabah” indi mərkəzdə daha çox top çevirib, sürətli uzun ötürmələrlə qol axtarışında oldu. Renduliç hələ qısa zamandır buradadır və onun sistemi qarşıdakı bir neçə turda daha yaxşı anlaşılacaq. Hər bir halda, ilk oyunda qələbə qazanmaqla komandanı üçüncü sıraya yüksəldən mütəxəssis Premyer Liqaya uğurlu start verdi.

“Qəbələ” isə elita ilə vidalaşmağa hazırdır. Komanda 9-cu “Kəpəz”dən 12 xal geri qalır və indiki halda fərqin bağlanması real görünmür. “Qəbələ”də əvvəlki döyüşkənlik, qələbə ruhu yoxdur. Hər kəs taleyi ilə barışmış və yekun qərarı gözləyir sanki. Baş məşqçi Kaxaber Sxadadze də üçüncü oyununu xalsız başa vurdu. Mütəxəssisin “Qəbələ”də üzdə olan yeganə işi “yaxşı oynayırıq” deməkdir, amma nəticəsi yoxdur. Gedişat “Qəbələ”ni I Liqaya yuvarlayır. Təbii ki, idman prinsipləri pozulmayıb, komanda sayı artırılmazsa.

Turan Tovuz – Araz-Naxçıvan 2:0

“Turan Tovuz” uğurlu çıxışını davam etdirir. Azarkeşləri önündə “Araz-Naxçıvan”ı iki cavabsız qolla məğlub edən tovuzlular məğlubiyyətsizlik seriyasını 8 oyuna yüksəldir. Komanda çempionatda 35 xalla 7-cidir və ikinci sıradakı “Sumqayıt”dan 4 xal geri qalır. “Turan Tovuz” öndə olan rəqiblərə yaxınlaşaraq avrokuboklar iştahasını artıra və Konfrans Liqası üçün mübarizəyə qoşula bilər. Bu yarışda demək olar, ən rahat komanda məhz Ayxan Abbasovun komandası olacaq. Çünki üzərlərində təzyiq yoxdur və qarşıya avrokubok hədəfi qoyulmayıb. Bacarsalar, əlavə motivasiya olacaq. Bu rahatlıq komandaya oyunlarda da təsir göstərir.

“Araz-Naxçıvan”da isə oyundan sonra baş məşqçi Azər Bağırov hakimlərdən ciddi narazılığını dilə gətirdi. Görüşün baş hakimi Rəşad Əhmədovun bilərəkdən onları uduzdurğunu dolayısı yolla ittiham edən Bağırovun əsəbləri tarıma çəkilib. Ötən turun “Sabah”la oyunundan sonra da referilərindən şikayətçi olan mütəxəssisin etirazı hardasa haqlıdır.

Buna baxmayaraq, “Araz-Naxçıvan”da əsas problem hücum oyunçularının dişsizliyidir. Hücumda istədiyiki kimi çoxala bilməyən, son zərbələrdə, ötürmələrdə uğursuzluq yaşayan muxtar respublika təmsilçisi bu problemi yoluna qoymalıdır. Bağırovun hakimlərdən narazılıq etdiyi qədər bu məsələnin də üstünə düşməlidir. Mövsümə uğurlu başlayan “Araz-Naxçıvan” ardıcıl üç oyundur, xalsız qalır. Komanda turnir cədvəlində 8-ci sırada qərarlaşıb.

Qarabağ – Zirə 3:1

“Qarabağ” “Zirə” sınağıdan 3 qol və 3 xalla ayrıldı. Turnir cədvəlinin lideri olan son çempion ikinci sıradakı “Sumqayıt”la xal fərqini 24-ə yüksəldib. Qurban Qurbanovun komandası növbəti iki turda da qələbə qazansa, çempionluğunu rəsmiləşdirə bilər. “Qarabağ” bu həftə “Bayer”lə Almaniyada Avropa Liqasının 1/8 final oyununa çıxacaq və Qurbanov bu səbəbdən heyətdə bir neçə dəyişiklik edib, digər futbolçulara istirahət verdi. Şans qazananlar da özünü pis göstərmədi. Son turlarda Adama Diakabinin performansı nəzərə çarpır. Demək olar, hər oyun qol vuran vinger özünə inamı qaytarır. Qurbanov da ona şans verməklə Diakabanin əvvəlki formasına yavaş-yavaş qayıdacağına ümid edir.

“Zirə”də isə itkilər fonunda çətin oyun keçdi. İlk hissəsi bərabər keçən görüşün fasiləsindən sonra “Qarabağ” ardıcıl qollar vurmaqla yekun hesabı müəyyənləşdirdi. Xüsusilə ilk hissədə Rəşad Sadıqovun “Zirə”si yaxşı oyunu ilə seçildi. Bir neçə dəfə real qol şansı da yaxalayan “qartallar” hücumdakı bitiricilik problemi səbəbindən istəyinə çata bilmədi. Bundan əlavə, “qartallar”ın heyətdə hücum oyunçularının bir neçəsi zədəlidir. Onların kənarda qalması komandaya təsirsiz ötüşmür.

“Zirə” çempionatda 6-cı sıraya qədər geriləyib. Qarşıdakı 10 turun hər biri gümüş medal mübarizəsində xüsusi önəm daşıyacaq.


oxunma sayı: 774 | Paylaş:




?>