')

Bu gün:


FutbolPress.Az | İşçi qrupuna vә bәzi şeylәrә "fatihә" (TӘHLİL)

İşçi qrupuna vә bәzi şeylәrә "fatihә" (TӘHLİL)


oxunma sayı: 4508 Paylaş:

FutbolPressBu yaxınlarda AFFA prezidenti Rövnәq Abdullayev fatihә sözünü işlәtmişdi. Sәhv etmirәmsә, milli komandanın keçmiş baş mәşqçisi Canni De Byazi barәdә danışanda işlәtmişdi o sözü.

Byazi yoldaşın "fatihәsi" verildi, yola salındı. Rövnәq müәllimin fәtvasıyla yeni baş mәşqçi üçün baş sındırılır...

Әvvәl baş katib Sәrxan Hacıyevin ifasında, "milliyә yerli mütәxәssis rәhbәrlik etmәlidir" fikrini eşitdik. Elә onun açıqlamasında milli komandaya baş mәşqçi seçimi üçün İşçi Qrup yaradılacağını eşitdik.

Hәmin qrup dünәn rәsmәn açıqlandı:

- Elşad Nәsirov (SOCAR-ın vә AFFA-nın vitse-prezidenti)

- Zaur Axundov (Azәrbaycan Futzal Federasiyasının prezidenti)

- Fikrәt Hüseynov (AGİN rəhbərliyi qurumun olimpiya və paralimpiya idman növləri sektorunun müdiri)

- Vaqif Sadıqov (AFFA-nın vitse prezidenti)

- Sәrxan Hacıyev (AFFA-nın baş katibi)

- Elxan Sәmәdov (Peşәkar Futbol Liqasının prezidenti)

6 nәfәrlik qrupun tәrkibinә nәzәr yetirәndә absurdluq çalarları hiss olunur. Әsasәn, AFFA-dakılardan ibarәt qrupun milli komandaya baş mәşqçi seçmәsi tam legitim hesab edilә bilәrmi?

"Kәnar şәxslәr dә cәlb olunacaq" deyәrkәn qurum yalnız AGİN rәsmisinimi nәzәrdә tuturdu? Bu da legitimliyә yetәrli deyil. AFFA ictimai tәşkilatdır vә mühüm qәrarlar kollegial/ictimai әsaslarla qәbul edilmәlidir.

Sadıqovun vitse-prezidentliyindәn başqa, hәm dә Mәşqçilәr Komitəsindә tәmsil olunmuşluğu qabardılacaqsa, yenә absurddur.

Qaydalara riayәt edilmәdәn formalaşdırılan İşçi Qrupuna Abdullayevin tәbirincә, "fatihә" oxunmuş oldu. Hәm dә ona görә ki, qrupa Nәsirov sәdrlik edәcәk...

Bu mövzu ortaya çıxanda sәdrin baş katib Sәrxan Hacıyev olacağı bildirilirdi. Lakin yerli mәşqçi ideyasının carçısı tezliklә çıxdaş edildi. Nәsirov isә әzәldәn millini yerli mәşqçinin çalışdırmayacağına sanki and içib.

Güman ki, milli komandalara cavabdeh vitse-prezident kimi qrupda ağır bәnd sayılıb vә sәdrlik ona hәvalә edilib. Amma yenә vurğulamağı lazım bildiyimiz bir nüans var. Milli komanda üçün baş mәşqçi seçiminә görә heç vaxt İşçi Qrup yaradılmamışdı, görәsәn buna sәbәb nә oldu? Vә Elşad Nәsirov AFFA-dakı fәaliyyәtindә heç vaxt bu qәdәr fәal olmamışdı, görәsәn son aylar niyә bu qәdәr fәallıq, canfәşanlıq edir?

İki sualın bir cavabı var. Milli komandaya yerli baş mәşqçinin gәtirilmәsi Nәsirov klanına xoş deyil. Niyәsә onlar bunu istәmir vә heç vaxt da istәmәyib.

Bu ideyanı AFFA rәsmilәri arasında әn çox dәstәklәyәn baş katib Sәrxan Hacıyev idi ki, onu vә "arxa-dayaqlarının" dominantlıq cәhdlәrini dәf etmәkçün bu dәfә "ağır artilleriya" - Nәsirov birbaşa işә düşdü... Bunadәk uzun illәr eks-baş katib Elxan Mәmmәdovun icra etdiyi missiyanı bu dәfә Nәsirov şәxsәn ona görә icra etmәyә başlayıb ki, Mәmmәdov ölkә futbol ictimaiyyәtindә dәstәklәnmir, administrativ rıçaqlarını itirib vә s.

Yaranan imkanlardan yararlanaraq AFFA-da fundamental dәyişikliklәrә qol qoymaq istәyәn Sәrxan Hacıyevin "mәxmәri inqilab" cәhdlәri isә "beşikdәcә boğuldu".

Bәli, artıq Hacıyevin manevr imkanları mәhdudlaşdırılıb, cәhdlәri neytrallaşdırılıb vә o, әn yaxşı halda 2024-ün martını, AFFA prezidentliyinә seçkilәri gözlәmәli olacaq. Bu mövzuya birazdan qayıdarıq, hәlәliksә Hacıyevin ilk "vurulma" sәbәbini qeyd edәk.

AFFA-ya 10 il әvvәl Elxan Mәmmәdovun dәvәti ilә gәlәn vә beynәlxalq şöbәyә cavabdeh Haciyev 2022-ci ilin ikinci yarısınadәk onun "sağ әli" hesab olunurdu. Ta ki, Mәmmәdov "FIFA Elxan" lәqәbini alanadәk...

O mәlum әrәfәlәrdә mәlum oldu ki, Hacıyev heç dә Mәmmәdovun uzaqdan idarәetmәsinә tabe olmaq istәmir. Bunu öz açıqlamalarında aşkar büruzә verәn yeni baş katib bir anda futbol ictimaiyyәtindә müsbәt imic qazandı. Әksәriyyәt onu dәstәklәmәyә çalışdı vә hәtta Mәmmәdovun mümkün gizli hәmlәlәrindәn qorumaq üçün ona qahmar çıxdı. Lakin...

Görünür ki, kabinet oyunları baxımından naşı, politik tәcrübәsi zәif olan Hacıyev Mәmmәdovla kәllә-kәllәyә gәlmәyi yanlış yerdәn başladı. O, AFFA-nın mәtbuat katibi Firuz Abdullanın anidәn "Sәbail"in icraçı direktoru tәyin olunmasından sonra boş qalan postun Mәmmәdov tәrәfindәn әlә keçirilmәmәsi üçün var-gücünü sәrf etdi. Elә әn böyük yanlış da burdan başlamaq oldu.

Kuluarlarda deyilәnә görә, Hacıyev "Elxan Mәmmәdova yaxın olmayan", yaxud, "Elxan Mәmmәdova qarşı radikal" bir neçә namizәddәn ibarәt siyahı tәrtib edilir vә ilk üç cәhd nәticә vermәsә dә, nәhayәt, çәtinliklә dә olsa sırf Sәrxan bәyin seçimi ilә tәyinat baş tutur.

Bu proseslәrin pәrdәarxası vә detalları Hacıyevin gücünü çox alır vә o, bununla da "hәdәfә çevrilir".

Tәkcә mәtbuat katibi seçimi üçün bu qәdәr çaba sәrf edәn Hacıyev hәm namizәdlәrlә birbaşa ünsiyyәtә girmәklә, tәklifi şәxsәn etmәklә naşılıq göstәrir, hәm dә ona bu post üçün nәhayәtdә edә bildiyi seçimi tәsdiqlәmәk o qәdәr mәşәqqәtli olur ki, yeni baş katib ondan sonra bir dә nәyәsә cәhd etmәyә "taqәt tapa bilmir".

Hacıyevdәn daha geniş bәhs etmәyimizә sәbәb onun hәm dә passiv "inqilabçı" kimi ölkә futbolunun köklü dәyişiklәrә apara bilәcәyini düşünürdük. Ancaq yanlış yerdәn yanlış formada başlamaq Haciyevә baha başa gәldi vә bundan sonra onun AFFA-da davam edә bilmәsi üçün "FIFA  Elxan"  deaktiv edilmәlidir, başqa formada "zühuru" әngәllәnmәlidir.

Bununçün AFFA prezident seçkilәrinin nәticәlәrindәn çox şey asılı olacaq.

Bәhs edilәn detallar hәm dә AFFA rәhbәrliyinә niyyәtlilәri ayıltmalıdır. Xırda detalda belә dәqiq, peşәkar davranmaq, güclü komanda şәklindә işlәmәk gәrәkdir.

Yoxsa pusquda dayanan(lar) fürsәti әldәn vermәyәcәk, ilk sәhv addımdan tutub, әks-hücuma keçәcәklәr.

Mәsәlәn, İşçi Qrupu vә onun idarәetmәsi qismindә.

Öz әlinlә yaratdığını әlindәn alırlar, cәhdlәrin öz әleyhinә çevrilir vә s. Ancaq yenә dә ideya birliyi yoxdur, yenә dә araba gah suya, gah quruya, gah da göyә dartılır...

Budur, artıq milliyә әcnәbi mütәxәssislәrin adları hallanır vә sosmedia vasitәsiylә viral, qeyri-viral kampaniyalar/tәbliğatlar vüsәt alıb. Halbuki son bir neçә günә qәdәr yerli mütәxәssis/köklü islahatlar kimi mәsәlәlәr müzakirәlәrdә favorit idi.

Dәfәlәrlә qeyd etsәk dә, "uşaq sәhvlәri" davam etmәkdәdir...

Ümid isә sonda ölür. Ümid hәlә var...

Elçin Cәlilov


oxunma sayı: 4508 | Paylaş:




?>